Peşmanlıqlarım
Bu həyatda istisnasız olaraq hər kəsin “kaş ki”ləri var. Çünki insan çox vaxt sahib olduğu xatirələrin və sevdiyi insanların qədrini həmin anda bilmir. Bəzən isə bunu anlamaq üçün gec olur.
Ona görə hamımızın içində zamanı geri qaytarmaq və bəzi şeyləri başqa cür etmək arzusu var. Amma təəssüf ki, zaman geri qayıtmır.
Bəs onda nə qalır?
Mərhəmət.
Məncə, insan etdiyi səhvin fərqinə varırsa, o səhvdən dərs çıxarıbsa və həqiqətən peşmandırsa, ona mərhəmət göstərmək gözəl bir insani xüsusiyyətdir.
Dediyim kimi, həyatda hamının “kaş ki”ləri var. Amma əsas məsələ həmin “kaş ki”ləri bir gün “yaxşı ki”yə çevirə biləcək qədər dəyişməkdir.
Mənim də çox “kaş ki”lərim var.
16 may 2026
Son bir neçə həftədir həm maddi, həm də mənəvi olaraq çoxlu problemlər yaşayırdım.
Həmin gün səninlə kitabxanada çox maraqlı vaxt keçirmişdik. Yanında olanda özümü daha yaxşı hiss edirdim.
Amma axşam çox gərgin idim.
Və bütün əsəbimi, stressimi sənin üzərinə tökdüm. Sanki bütün problemlərimin səbəbi sənmişsən kimi davrandım.
Etdiyim hörmətsizliyi və səni nə qədər incitdiyimi həmin anda başa düşmədim. Kaş o gün yaşanmayaydı.
Amma artıq yaşanıb. Mən onu geri qaytara bilmərəm.
Edə biləcəyim yeganə şey həmin günün mənə öyrətdiyini unutmamaqdır.
Səninlə paylaşmadığım həyatım
Münasibət vaxtı hərzaman öz həyatı haqqında ən çox danışan səniydin mənsə daha çox dinləyirdim səni. Hərrr şeyini mənə danışırdın və çox xoşuma gəlirdi bu xasiyyətin. Mən elə zənn edirdim ki sənin üçün mənim günlük həyatım çoxda maraqlı deyil. Amma elədiyimiz dava zamanları fərq eldim ki tam əksiymiş. Kaş məndə günlük etdiyim hərrşeyi detallı deyərdim sənin kimi
Əsəbim
Keçən dəfə oturub münasibətimiz boyunca yaşadığımız bütün davaları bir-bir düşündüm.
Fərq etdim ki, davalarımızın çox böyük hissəsi ya sənin əsəbi olduğun anda, ya da mənim əsəbi olduğum anda istəmədən dediyimiz sözlərdən başlayıb.
Amma burada özümü haqlı çıxarmaq istəmirəm.
Çünki insan əsəbi ola bilər, amma bu, qarşısındakı insanı incitməyə haqq qazandırmır.
Məhz buna görə öz üzərimdə işləməyə başladım. Psixoloqa getdim, evdə öz davranışlarımı analiz etdim və əsəbiləşəndə necə davranmalı olduğumu öyrənməyə çalışdım.
Bəlkə bir gün yenidən birlikdə olarıq, bəlkə də yox.
Amma bir şeyi dəqiq bilirəm:
Əgər bir gün yenidən qarşına çıxıramsa, qarşında əvvəlki Toğrulun yox, özünü idarə etməyi öyrənmiş bir insanın dayanmasını istəyirəm.
Və bir daha səni əsəbiləşib istəmədiyim sözlərlə incitmək istəmirəm.
Könül almaq
Ehh…
Mən özümü həmişə könül almağı bacaran biri hesab edirdim.
Amma münasibətimizə kənardan baxıb özümü analiz edəndə gördüm ki, heç də elə deyilmiş.
Dava zamanı çox vaxt sadəcə səhvimi etiraf edib səndən bir hərəkət gözləyirmişəm.
Sanki “mən səhv etdim” deməyim hər şeyi düzəltməli idi.
Amma indi başa düşürəm ki, üzr istəmək hər şeyin sonu deyil. Bəzən insanın qarşısındakı insanın yarasını sağaltmaq üçün yanında olması, onu görməsi, qucaqlaması, danışması lazımdır.
İndiki ağlım olsaydı, bir çox davadan sonra sənin yanına gələrdim.
Görüşməyi təklif edərdim.
Güllər alardım.
Səninlə danışardım.
Və ən əsası, sadəcə səhvimi etiraf edib səndən hər şeyi öz-özünə düzəltməyini gözləməzdim.
Çox səhv etmişəm.
Bütün bunlara baxmayaraq, özümü təsəlli etdiyim bir şey var.
Mən səhvlərimi görəcək qədər, qəbul edəcək qədər və onları dəyişdirmək üçün çalışacaq qədər yetkinləşə bilərəm.
Bunu artıq sadəcə sözlə demək istəmirəm. Bunun üçün addımlar da atıram.
Amma bir şeyi də bilirəm:
İnsanın dəyişməsi öz əlindədir, ona yenidən bir şans verilməsi isə yox.
Əgər bir gün mənə mərhəmət göstərsən və məni yenidən tanımağa imkan versən, bunu heç vaxt haqqım kimi görmərəm.
Sadəcə çox böyük bir şans kimi görərəm.